Dovşan dodaq və qurd ağızlığın cərrahi müalicəsi
  • 1
  • 0

Dovşan dodaq əməliyyatı

Əməliyyat körpənin 3 ayında edirik. Məqsəd normal estetik və funksional görünüşü təmin etməkdir. Dovşan dodaq uşaqlarda qidalanma ilə bağlı çətinlik, demək olar ki, yaranmır. Belə uşaqlar normal şəkildə döş əmə bilir. Onlarda estetik problem daha çox nəzərə çarpır.
Dovşan dodaq əməliyyatı zamanı itən burun estetikasını düzəltmək vacibdir, çünki belə uşaqlarda həmişə burun deformasiyası da müşahidə edirik.
Əməliyyatdan 2-3 saat sonra uşağı qidalandırmağa başlamaq, 5-6 gündən sonra isə dodaqdakı tikişləri çıxarmaq olar.

Qurd ağızlıq əməliyyatı

Qurd ağızlığın cərrahi müalicəsində məqsəd əvvəla, qüsuru bağlamaq, ikincisi, normal danışıq və üz inkişafını əldə etməkdir. Damaqdakı yarıq təkcə yumşaq damaq və ya bütün damaqda ola bilər. Qurd ağız uşaqlar üçün ən böyük problem qidalanmadır. Çünki qida Yevstaxi borusu, tənəffüs yollarına axaraq orta qulaq iltihabı və tənəffüs yolu infeksiyalarına səbəb ola bilər. Bunlar isə uşağın inkişafına mənfi təsir göstərər və daimi eşitmə itkisinə yol açar.

Qüsur yalnız yumşaq damaqdadırsa, əməliyyat 3-cü ayda və bütün damaq toxumasındadırsa, 9-cu ayda aparmaq olar. Qurd ağızlıq əməliyyatı daha sonra da mümkündür, lakin 18 aydan o tərəfə gecikdirmək məsləhət deyil.

Qurd ağız uşaq 6-8 yaşına çatdıqda yan kəsici dişlərin düzgün çıxması üçün diş sümüyündəki yarığı tikmək lazım gəlir.
Eyni yaşlarda alt çənədə önə çıxma varsa, çənəni arxaya alma əməliyyatını aparmaq lazımdır.

Damaq protezlərinə nə zaman ehtiyac yaranır?

Xəstənin damaq yarığı çox genişsə, əməliyyatdan qabaq damaq üçün xüsusi protez hazırlanır və hər 4-6 həftədə bir dəyişdirilir. Yaxud da damağı daraltmaq üçün çənə sümüyünə özəl cihaz (palatal distraktor) yerləşdirilir.

Əməliyyatdan sonra qulluq

Dovşan dodaq əməliyyatı. Körpələrin qidalanmasını oturma vəziyyətində, qaşıqla etmək lazımdır. Yara xətlərinin quru və təmiz olması vacibdir. Bu məqsədlə hər gün antibiotikli sarğı hazırlamaq məqsədəuyğundur. Əməliyyatdan 1 həftə sonra tikişləri çıxarmaq olar.

Qurd ağızlıq əməliyyatından sonra qulluq dovşan dodaq əməliyyatına nisbətən daha vacib və çətindir. Əməliyyatdan sonra ağızdan qanaxma ola bilər. Bu, diqqətlə izlənməlidir. Çünki boğulma ilə nəticələnə bilər. Həmçinin dilin şişməsi səbəbindən dil geriyə doğru sürüşərsə, eyni halla qarşılaşmaq mümkündür.

Dovşan dodaq və qurd ağızlıq əməliyyatından sonra 1 ay ərzində körpənin qolları düzəldilməli və tutulmalıdır ki, əlini ağzına aparmasın.

https://www.instagram.com/p/CM48ozVj5rE/

Fikir bildir

Your email address will not be published. Required fields are marked *

Sami Samin həkimə zəng et