Məqalələr

Rinoplastika (Burun əməliyyatı)

+994 50 600 04 44 WhatsApp ilə Əlaqə
rinoplastika

Rinoplastika Nədir?

Rinoplastika (burun plastikası) — burnun xarici formasını korreksiya edən, proporsiyalarını üz cizgiləri ilə harmoniyaya gətirən və eyni zamanda tənəffüs çətinliklərini aradan qaldıran kompleks rekonstruktiv-estetik cərrahi müdaxilədir. Burun təkcə estetik profil deyil; o, tənəffüs sisteminin ilkin filtri, nəmləndiricisi və istilik tənzimləyicisidir. Bu səbəbdən müasir rinoplastika cərrahiyyəsinin əsas hədəfi toxumaları lazımsız yerə dağıtmadan sabit struktur karkas formalaşdırmaq və funksional tənəffüsü qorumaqdır.

Rinoplastika (burun əməliyyatı) haqqında ətraflı video izah — Dr. Sami Samin

Cərrahi Yanaşmalar və Rinoplastika Növləri

Hər bir pasiyentin anatomik xüsusiyyətləri, dərinin qalınlığı və burun karkasının deformasiya dərəcəsi fərqlidir. Cərrahi planlama zamanı pasiyentin fərdi xüsusiyyətlərindən asılı olaraq aşağıdakı əsas texnikalardan istifadə edilir:

1. Açıq Rinoplastika

Burun dəliklərini ayıran dəri körpüsü (kolumella) üzərində kiçik kəsik aparılır və daxili kəsiklərlə birləşdirilərək burun dərisi yuxarı qaldırılır. Bu üsul burun skeletinin bütün qığırdaq və sümük strukturlarını birbaşa vizual nəzarət altında görmək, toxumaları asimmetriyasız formalaşdırmaq və mürəkkəb deformasiyaları dəqiqliklə korreksiya etmək imkanı verir. Ağır əyriliklər, qığırdaq qrefti tələb edən hallar və revizyon əməliyyatlarda qızıl standartdır.

Açıq və qapalı rinoplastika fərqi
Açıq və qapalı rinoplastika metodlarının anatomik fərqləri və kəsik xətləri

Açıq rinoplastika nəticələri (Əvvəl və Sonra): Aşağıda açıq texnika ilə icra edilmiş pasiyentlərin əməliyyatdan əvvəlki və sonrakı klinik nəticələri təqdim olunur:

Əvvəl Açıq rinoplastika əməliyyatından əvvəl 1
Sonra Açıq rinoplastika əməliyyatından sonra 1
Əvvəl Açıq burun əməliyyatından əvvəl 2
Sonra Açıq burun əməliyyatından sonra 2

2. Qapalı Rinoplastika

Bütün kəsiklər burun dəliklərinin içərisindən (endonasal) aparılır, xaricdən heç bir kəsik edilmir və görünən heç bir çapıq izi qalmır. Dəri və yumşaq toxumaların qan dövranı minimal səviyyədə pozulduğu üçün əməliyyatdan sonrakı ödem və göyərmələr xeyli az olur, sağalma dövrü daha sürətli keçir. Əsasən burun belindəki donqarın aradan qaldırılması, burun ölçüsünün kiçildilməsi və ilk dəfə əməliyyat olunan standart anatomiyalı pasiyentlər üçün idealdır.

Qapalı rinoplastika nəticələri (Əvvəl və Sonra): Aşağıda qapalı texnika ilə xarici kəsiksiz icra edilmiş pasiyentlərin əməliyyatdan əvvəlki və sonrakı klinik nəticələri təqdim olunur:

Əvvəl Qapalı rinoplastika əməliyyatından əvvəl 1
Sonra Qapalı rinoplastika əməliyyatından sonra 1
Əvvəl Qapalı burun əməliyyatından əvvəl 2
Sonra Qapalı burun əməliyyatından sonrakı vəziyyət 2
Qapalı rinoplastika texnikası və üstünlükləri — Dr. Sami Samin

3. Septorinoplastika

Burnun daxili arakəsməsinin (septumun) əyriliyi ilə xarici estetik problemlərin eyni seansda aradan qaldırılmasıdır. Əyri septum qığırdaqları çıxarılaraq düzəldilir, tənəffüs kanalı açılır və çıxarılan qığırdaqlar burun ucunun və körpüsünün rekonstruksiyasında təbii qreft materialı kimi istifadə olunur.

4. Burun Ucu Estetikası (Tipplastika)

Burun sümüyünə müdaxilə etmədən yalnız burun ucunun qığırdaq mexanizminin dəyişdirilməsidir. Burun ucunun qalxıqlığını artırmaq, enli qığırdaqları daraltmaq və ya dəliklərin asimmetriyasını nizamlamaq üçün tətbiq olunur. Sümük toxuması kəsilmədiyi üçün göyərmə minimal olur.

5. Revizyon (Təkrar) Rinoplastika

Əvvəllər uğursuz icra edilmiş və ya travma nəticəsində yenidən deformasiyaya uğramış burnun bərpasıdır. Toxumalarda çapıqlaşma və qığırdaq çatışmazlığı ola bildiyi üçün qulaq seyvanından və ya qabırğadan autoloji qığırdaq köçürülməsi tələb oluna bilər.

6. Qeyri-Cərrahi Rinoplastika (Burun Dolğusu)

Cərrahi müdaxilə olmadan, hialuron turşusu əsaslı dermal dolğular vasitəsilə burun belindəki kiçik çökəkliklərin doldurulması və asimmetriyaların gizlədilməsidir. Təsiri təxminən 12–18 ay davam edir. Nəfəsalmanı yaxşılaşdırmır və burun həcmini kiçiltmir; daxili strukturları dəyişmədiyi üçün yalnız səthi kamuflyaj rolunu oynayır.

Qeyri-Cərrahi Rinoplastika (Burun Dolğusu)
Dermal dolğular vasitəsilə qeyri-cərrahi burun korreksiyası

Əməliyyata Göstərişlər və Əks-Göstərişlər

Rinoplastika əməliyyatına qərar verilməzdən əvvəl pasiyentin həm fiziki göstərişləri, həm də psixoloji hazırlığı dəyərləndirilməlidir:

Klinik Göstərişlər:

  • Anadangəlmə və ya sonradan qazanılmış burun deformasiyaları (donqar burun, əyri burun oxu);
  • Tənəffüs çətinliyinə səbəb olan çəpər əyriliyi (septum deviasiyası) və burun balıqqulaqlarının hipertrofiyası;
  • Geniş, asimmetrik, aşağı sallanan və ya qeyri-mütənasib burun ucu;
  • Travma, qəza və ya idman zədələrindən sonrakı karkas sınıqları və çökmələr;
  • Əvvəlki əməliyyatların uğursuz estetik və funksional nəticələri.

Əks-Göstərişlər və Məhdudiyyətlər:

  • 18 yaşdan aşağı olmaq (üz skeletinin böyümə zonaları tam qapanmamış pasiyentlərdə təxirə salınır);
  • Dekompressiya mərhələsində olan ürək-damar çatışmazlığı və ağır qan laxtalanma pozğunluqları (hemofiliya və s.);
  • Kompensasiya olunmayan şəkərli diabet və onkoloji xəstəliklər;
  • Kəskin respirator infeksiyalar və burun ətrafı dərinin irinli-iltihabi prosesləri;
  • Bədən Dismorfik Pozğunluğu (BDD) və reallığa uyğun olmayan qeyri-real estetik gözləntilər.

Əməliyyatda Anesteziya Seçimi: Ümumi və Lokal

Rinoplastika əməliyyatında anesteziya növü cərrahi müdaxilənin miqyasından, gözlənilən müddətdən və pasiyentin ümumi sağlamlıq göstəricilərindən asılı olaraq təyin edilir:

Ümumi Anesteziya (Narkoz):

Tam rinoplastika, septoplastika və osteotomiya (sümük kəsilməsi) tələb edən hallarda standart seçimdir. Pasiyent əməliyyat boyu tamamilə yatır və heç bir ağrı və ya diskomfort hiss etmir. Ən böyük üstünlüyü — intubasiya borusu vasitəsilə tənəffüs yollarının hermetik qorunması və qanın traxeyaya axmasının tam qarşısının alınmasıdır.

Lokal Anesteziya və Sedasiya:

Yalnız burun ucunun korreksiyası (tipplastika) və ya kiçik toxuma toxunuşlarında seçilə bilər. Venadaxili yüngül sedasiya ilə pasiyent yuxulu və rahat vəziyyətə gətirilir, burun nahiyəsi isə yerli inyeksiyalarla keyləşdirilir. Geniş sümük manipulyasiyaları tələb olunan əməliyyatlarda psixoloji gərginliyi və qansızma riskini minimuma endirmək üçün ümumi anesteziyaya üstünlük verilir.

Əməliyyatdan Əvvəl Hazırlıq Qaydaları

Əməliyyatın uğurla keçməsi və fəsad risklərinin minimuma endirilməsi üçün pasiyent tərəfindən ciddi hazırlıq protokoluna riayət olunmalıdır:

  • Dərmanların tənzimlənməsi: Əməliyyatdan ən az 2 həftə əvvəl qan durulducu vasitələr (Aspirin, ibuprofen, varfarin, plaviks), vitamin E preparatları, omeqa-3, jenşen və bitki çaylarının qəbulu qanaxma riskinə görə dayandırılmalıdır;
  • Tütün və alkoqoldan imtina: Nikotin mikrosirkulyasiyanı daraldaraq toxumaların oksigen təchizatını zəiflədir və sağalmanı kəskin gecikdirir. Əməliyyatdan 3-4 həftə əvvəl siqaret və elektron tütün məhsulları dayandırılmalıdır;
  • Laborator müayinələr: Ümumi qan və sidik analizi, koaquloqramma (laxtalanma profili), infeksion markerlər (HBsAg, Anti-HCV, HIV), qan qrupu və rezus-faktor, EKQ və anestezioloq baxışı məcburidir;
  • Yuxu apnesi və xroniki xəstəliklər: Əgər pasiyent gecələr xoruldayırsa, yuxu apnesi varsa və CPAP aparatı istifadə edirsə, bu barədə anestezioloq mütləq əvvəlcədən məlumatlandırılmalıdır;
  • Əməliyyat ərəfəsi: Əməliyyatdan əvvəlki gecə saat 00:00-dan etibarən su və qida qəbulu tam dayandırılmalıdır (ac qarına gəlinməlidir). Əməliyyat günü makiyaj, dırnaq boyası və zərgərlik əşyaları taxılmamalıdır.

Əməliyyatdan Sonrakı Bərpa Mərhələləri

Rinoplastika sonrası bərpa prosesi toxumaların sağalma qabiliyyətindən, əməliyyatın həcmindən və dərinin fərdi qalınlığından asılıdır. Aşağıdakı cədvəldə bərpanın klinik dinamikası təqdim olunur:

Mərhələli Bərpa Təqvimi

Burun toxumalarının regenerasiyası və yekun formanın yaranması mərhələli xarakter daşıyır:

Bərpa MərhələsiToxumaların Vəziyyəti və Klinik DinamikaPasiyentin Fəaliyyət Rejimi
1-ci həftə (1–7 gün)Göz ətrafında şişkinlik və göyərmə pik həddə çatır və azalmağa başlayır. Atel və tamponlar çıxarılır, tikişlər götürülür.Ev şəraitində istirahət. Ağır fiziki güc, əyilmək və sümkürmək qadağandır.
2–3-cü həftəGöyərmələrin 90%-i tam sorulur. Şişkinlik nəzərəçarpacaq dərəcədə enir, dəri rəngi stabilləşir.Masaarxası işə və gündəlik sosial fəaliyyətə qayıdış. Makiyajdan istifadəyə icazə verilir.
1–3 ayƏsas toxuma ödeminin 75–80%-i çəkilir. Burnun əsas konturları aydınlaşır. Səhərlər yaranıb günorta azalan yüngül ödem müşahidə edilə bilər.Yüngül kardio idman məşqlərinə icazə verilir. Burun zərbələrdən ciddi qorunmalıdır.
6–12 ay və sonrasıDərialtı çapıq toxuması yetkinləşir, burun ucu qığırdaqları möhkəmlənir və son anatomik forma tam sabitləşir.Kontakt idman növləri və eynək istifadəsi tam sərbəstdir. İllik yekun nəticə qiymətləndirilir.

Pasiyentin Əməl Etməli Olduğu Məhdudiyyətlər və Qaydalar

Əməliyyatın müvəffəqiyyəti və qüsursuz nəticə üçün reabilitasiya qaydalarına ciddi riayət edilməlidir:

  • Sümkürməmək: İlk 15 gün ərzində burnu güclə üfürmək və ya sümkürmək qəti qadağandır; selikli qişanın gigiyenası həkimin yazdığı steril dəniz suyu spreyləri ilə aparılmalıdır;
  • Yataq vəziyyəti: İlk 2 həftə başı hündür saxlamaq üçün 2 ədəd yastıqdan istifadə edilməli və yalnız arxası üstə yatılmalıdır (yan və ya üzüüstə yatmaq qadağandır);
  • Termal təsirlər: İlk 1 ay ərzində sauna, buxar otağı, hamam, solyarium və isti vanna qəbulu qadağandır (damarlar genişlənərək qanaxma və kəskin ödem törədə bilər);
  • Eynək istifadəsi: Əməliyyatdan sonra sümük karkas tam birləşənə qədər (minimum 6–8 həftə) optik və ya gün eynəyi taxmaq olmaz, çünki çərçivənin ağırlığı burun belində asimmetrik çökəklik yarada bilər;
  • Fiziki güc və idman: İlk 3–4 həftə əyilmək, ağırlıq qaldırmaq və gərgin idman hərəkətləri qadağandır; kontakt idman növləri isə yalnız 3 aydan sonra olar;
  • Dəriyə qulluq: Atel çıxarıldıqdan sonra burun dərisi xüsusi nəmləndirici və regenerasiyaedici məlhəmlərlə təmizlənməli, birbaşa günəş şüalarından qorunmaq üçün SPF 50+ kremlər tətbiq edilməlidir.
Burun əməliyyatından sonra eynək istifadəsi
Burun əməliyyatından sonra sümük və qığırdaq toxumalarının sağalması dövründə eynək istifadəsi qaydaları

Olası Risklər, Fəsadlar və Təhlükəsizlik

Hər bir cərrahi müdaxilə kimi, rinoplastika da müəyyən risk və fəsad potensialı daşıyır. Düzgün cərrah seçimi, steril əməliyyatxana mühiti və pasiyentin reabilitasiya qaydalarına əməl etməsi bu riskləri 1%-dən aşağı endirir:

  • Qanaxma və hematoma: Əməliyyatdan sonrakı ilk günlərdə çəhrayı möhtəviyyatlı sızıntı normaldır. Lakin qəfil al qırmızı qanaxma və ya septum arxasında qan yığılması (septal hematoma) yaranarsa, təcili həkim müdaxiləsi tələb olunur;
  • İnfeksiya: Burun daxilində profilaktik antibiotik terapiyası sayəsində nadir hallarda baş verir;
  • Asimmetriya və estetik qeyri-qənaətbəxşlik: Toxumaların qeyri-bərabər sağalması və ya çapıq büzüşməsi nəticəsində yarana bilər;
  • Nəfəsalma problemləri: Daxili toxumalarda qalan ödem və ya daxili burun qapağının daralması ilə əlaqədar ola bilər;
  • Anesteziya riskləri: Müasir anestezioloji dərmanlar və fasiləsiz hemodinamik monitorinq sayəsində təhlükəsizlik ən yüksək standartlara çatdırılmışdır.

Rinoplastika Qiymətləri Nəyə Əsasən Müəyyən Edilir?

Burun əməliyyatının qiyməti standart bir rəqəm olmayıb, hər pasiyent üçün fərdi klinik göstəricilərə əsasən hesablanır. Qiymət formalaşmasına təsir edən əsas amillər:

  • Əməliyyatın ilkin və ya təkrar (revizyon) olması: Revizyon əməliyyatlar daha mürəkkəb manipulyasiyalar və qığırdaq qrefti tələb etdiyi üçün qiymət fərqlənir;
  • Funksional müdaxilənin həcmi: Septoplastika, balıqqulağı kiçildilməsi (konxoplastika) və ya endoskopik sinus cərrahiyyəsinin birlikdə icra edilməsi;
  • Tətbiq olunan texnologiya: Piezo (ultrasəs) texnologiyası və mikrocərrahi alətlərin istifadəsi;
  • Klinikanın statusu və anestezioloji təminat: Baku Medical Plaza kimi yüksək texnoloji təchizata və reanimasiya dəstəyinə malik klinik infrastruktur;
  • Cərrahın ixtisas dərəcəsi və təcrübəsi.
Dr. Sami Samin ilə rinoplastika və üz gəncləşdirmə haqqında müsahibə

Tez-Tez Verilən Suallar (FAQ)

Rinoplastika əməliyyatı ağrılıdırmı?

Əməliyyat ümumi anesteziya altında tam ağrısız keçir. Əməliyyatdan sonra burunda şiddətli ağrı olmur, pasiyentlər daha çox burun tıxanıqlığı və yüngül təzyiq hissi təsvir edirlər. Yaranan cüzi diskomfort adi ağrıkəsicilərlə tam aradan qaldırılır.

Tam sağalma və yekun nəticə nə vaxt bilinir?

Əsas toxuma ödemlərinin 80%-i ilk 1–3 ay ərzində çəkilir. İncə təfərrüatlar, dərinin oturması və yekun anatomik nəticənin formalaşması qalındərili pasiyentlərdə 12–18 ay, nazikdərili pasiyentlərdə isə 9–12 ay çəkir.

Burun əməliyyatından sonra çapıq qalırmı?

Qapalı rinoplastikada bütün kəsiklər daxildən aparıldığı üçün xaricdə heç bir iz qalmır. Açıq rinoplastikada kolumella üzərindəki kiçik kəsik isə mikro-tikişlərlə tikilir və 6–12 ay ərzində tamamilə ağararaq diqqətlə baxmadıqda belə görünməz hala gəlir.

Burun tamponları çıxarılanda ağrı verirmi?

Müasir cərrahiyyədə daxilində hava kanalları olan yumşaq silikon splintlər (tamponlar) tətbiq olunur. Onlar selikli qişaya yapışmır və əməliyyatdan 3–7 gün sonra çıxarılarkən heç bir ağrı yaratmır.

Əməliyyatdan nə qədər sonra işə və sosial həyata qayıtmaq olar?

Əksər pasiyentlər xarici atel (gips) çıxarıldıqdan sonra, yəni 7–10 gün ərzində iş və gündəlik sosial həyatlarına tam qayıda bilirlər.


İstifadə Olunmuş Beynəlxalq Elmi Mənbələr

KONSULTASİYA VƏ PLANLAMA

Fərdi Cərrahi Baxış və Dəqiq Planlama

Anatomik xüsusiyyətlərinizi Dr. Sami Samin ilə fərdi müayinə zamanı dəyərləndirin, sizə ən uyğun cərrahi planı müəyyənləşdirin.

Tibbi Ekspert Yoxlamasından Keçib
Yeniləndi: 14 dəq oxu 15 rəy
Müəllif • Tibbi Ekspert Yoxlamasından Keçib

Dr. Sami Samin

Plastik, Rekonstruktiv və Estetik Cərrah • Baku Medical Plaza

Baku Medical Plaza ISAPS Üzvü TPCD Üzvü

Təhsilini və uzmanlığını Türkiyənin qabaqcıl tibb universitetlərində tamamlamış, beynəlxalq estetik cərrahiyyə cəmiyyətlərinin (ISAPS, TPCD) fəal üzvüdür. Hazırda Bakıda Baku Medical Plaza klinikasında pasiyentlərin qəbulunu və cərrahi əməliyyatlarını həyata keçirir.

Bu məqalə Dr. Sami Samin tərəfindən beynəlxalq tibbi protokollara (Mayo Clinic, NHS, ASPS, Cleveland Clinic) əsasən yazılmış və təsdiq edilmişdir.

15 Şərh

  1. Tahir Nərimanlı
    24 Avqust 2021 saat 09:09

    Rinoplastika əməliyyatı barəsində indiyənəcən oxuduğum ən mükəmməl məqalə olubdur, təşəkkür edirəm bu məqaləyə vaxt ayırıb, mənim kimi rinoplastika ilə maraqlananlar üçün ən doğru yazını yazdığınız üçün.

  2. Günay Məmmədova
    24 Avqust 2021 saat 15:23

    Uzun zamandır rinoplastika əməliyyatı barəsində məqalə axtarırdım. Sami Samin həkimə təşəkkür edirik rinoplastika haqqında bütün məlumatları bir məqalədə bizim üçün paylaşdığı üçün.

  3. Nəzrin Dostməmmədova
    26 Avqust 2021 saat 09:15

    İnsanın gözəllik aksesuarlarından biri burundur. Ama Sami Samin həkimə təşəkkür edirəm, Uğurlu burun emeliyyati nəticəsində məndə gözəl görünürəm. Burun əməliyyatı etdirmək istəyənlər düşünmədən Dr. Sami Samini seçməlidirlər.

  4. Gulshah
    4 Sentyabr 2021 saat 22:35

    Rinoplastika ile bagli qorxularim vardi. Meqaleniz sayesinde her seyi etrafli oyrendim tesekkur edirem. Burun emeliyyatinda kimi sececeyimi artiq bilirem

  5. Aynişan
    15 Oktyabr 2021 saat 22:03

    Sami Samin gördüyüm ən səliqəli Rinoplastika həkimidir. Əməliyyat etdiyi burunlar sanki heç burun əməliyyatı olmamış kimi görünür. Təbii və gözəl. Uğurlar doktor.

  6. Mehruze
    22 Oktyabr 2021 saat 20:51

    Əlləriniz Qizildi

  7. Esmira
    28 Oktyabr 2021 saat 19:14

    Sami Samin Çox keyfiyyətli əl işləri ilə hər zaman seçilmişdir.Var olasının doktor.

  8. Tural
    5 Mart 2022 saat 00:22

    Rinoplastika həkimləri hədsiz çoxdur. Bir dostum adını çəkmək istəmədiyim bir həkimin qəbuluna düşdü, həkimə salam verməmiş 40 AZN ödəniş aldılar. Ama Sami həkimdə bu prosedur ödənişsiz imiş. Mənim fikrimcə ən savadlı və ən məsuliyyətli rinoplastika həkimi Sami Samin həkimdir.

    • Ayan
      16 İyul 2023 saat 18:31

      Salam həkim.Rino əməliyyatının 10cu gunundəyəm.burnumun içində qığırdaq görünür.Bu düzələn birseydi?

  9. Leyla
    16 Fevral 2023 saat 17:31

    Salam.
    Xanım dogrudan Sami Samin doktorda əməliyyat olmusunuz?
    Əməliyyat nəticəsi necə olur?
    Xahiş edirəm yazın

  10. Mehseti
    27 Fevral 2023 saat 19:55

    Salam yanvaein 31 de emeliyyat oldum burnumda sisler yaranib cox narahatam

  11. ƏMİNƏ MƏMMƏDOVA
    1 May 2025 saat 23:45

    SALAM DR.MƏN 25 GÜNDÜR ƏMƏLİYYAT OLUNMUŞAM BURNUMDA ƏYRİLİK VAR ,DƏLİKLIRİN BİRİ AŞAĞIDA BİRİ İSƏ YUXARIDADIR.BU DÜZƏLƏRMİ

    • Sami Samin
      27 İyun 2025 saat 11:54

      Salam nerde amaliyyat oldunuz, mümkünse bize wp uzerinden yazin
      +994506000444 Sema hanim

Fikrinizi Bildirin

E-poçt ünvanınız dərc edilməyəcək. Vacib xanalar * ilə işarələnib.